Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, təqlid mərcələrinin böyük alimlərindən olan həzrət Ayətullah üzma Məkarim Şirazi İmam Musa Kazim (ə) adına məktəbdə keçirilən Fars vilayətinin tələbələrinin toplantısına mesaj göndərib. Mesajın tam mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salavat və salam peyğəmbərimiz Məhəmmədə (s) və onun pak Əhli-beytinə (ə) olsun. Allahın lənəti onların bütün düşmənlərinə olsun.
Allah-Təala buyurur:
«فَضَّلَ اللّهُ الْمُجَاهِدِینَ عَلَی الْقَاعِدِینَ أَجْرًا عَظِیمًا / دَرَجَاتٍ مِنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً وَکَانَ اللّهُ غَفُورًا رَحِیمًا»
“Allah mücahidlərin dərəcəsini oturanlardan üstün etmişdir. Allah mücahidlərə böyük mükafat, öz dərgahından yüksək dərəcələr, bağışlanma və mərhəmət vəd etmişdir. Allah bağışlayandır, rəhmlidir.” (Nisa” surəsi, 95-ci ayə)
Əvvəla, şəhidlərin, xüsusilə şəhid alimlərin adı ilə mübarək və müqəddəs olan bu məclisdə bir araya gələn bütün təşkilatçılara və iştirakçılara, xüsusilə Fars vilayətinin möhtərəm tələbələrinə səmimi təşəkkürümü və minnətdarlığımı bildirməyi zəruri hesab edirəm.
Həmçinin əziz xalqın, xüsusilə Fars vilayətinin şərəfli əhalisinin İran İslam Respublikasına və İslam İnqilabının ideallarına verdiyi coşqun dəstəyə və həmrəyliyə, eləcə də bu çətin və ağır günlərdə ölkənin izzəti, təhlükəsizliyi və başucalığı naminə fədakarcasına səy göstərən və çalışan bütün şəxslərə səmimi minnətdarlığımı bildirməyi zəruri hesab edirəm.
Arxada qoyduğumuz dövr kədər və ümidlə yoğrulmuş bir dövr oldu: İran İslam Respublikasına qarşı həyata keçirilən hücum, ən yaxşı və əziz insanların, bu torpağın övladlarının, xüsusilə şəhid Ayətullah Xameneinin (Allah ona rəhmət eləsin) şəhadəti və möhtərəm xalqımıza dəymiş can və maddi itkilər bizi kədərləndirdi. Eyni zamanda, alçaq düşmən üzərində qələbəyə, dağıdılmış obyektlərin yenidən qurulmasına və keçmişdən daha parlaq, abad və qüdrətli gələcəyin qurulmasına ümidimiz var.
Belə bir şəraitdə böyük əhəmiyyət daşıyan məsələ bu ümidi qorumaq, bütün xalqın qəlbində məzhəbi ruhiyyəni, səbat və mübarizə əzmini gücləndirməkdir. Şübhəsiz ki, bu ruhiyyəni gücləndirməyin yollarından biri Allah yolunda canlarından və mallarından keçmiş mücahidlərin xatirəsini və adını yaşatmaqdır. Qurani-Kərimin ifadəsi ilə desək, Allah-Təala onların canlarını və mallarını cənnət müqabilində satın almış, onlara yüksək dərəcələr, bağışlanma və öz mərhəmətini vəd etmişdir.
Bu baxımdan ruhani və tələbə şəhidlər İslamın və İslam İnqilabının qiymətli sərvətlərindəndir. Onlar elmi, dini və təbliğ fəaliyyətləri ilə yanaşı, cihad və ilahi dəyərlərin müdafiəsi meydanında da parlaq iştirak ediblər və canlarını fəda etməklə İslama, xalqa və İslam vətəninə olan iman və sədaqətlərinin səmimiliyini sübuta yetiriblər. Buna görə də bu əzizlərin xatirəsini və adını yaşatmaq, onların həyat yolunu, mücahidliklərini və ideallarını izah etmək hamımızın, xüsusilə Elmi hövzələrin və gənc ruhani nəslin üzərinə düşən vəzifədir. İman və fədakarlıq nümunələrinin tanıdılması fədakarlıq və cihad mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə zəmin yaradacaq və bu qiymətli irsin İslam cəmiyyətində davamlılığını təmin edəcəkdir.
Sonda bir daha bu dəyərli toplantının bütün təşkilatçılarına və bu işin ərsəyə gəlməsində əməyi olan şəxslərə təşəkkür və minnətdarlığımı bildirir, mömin və əziz Fars vilayəti sakinlərinə səmimi salamlarımı çatdırıram. Uca Allahdan İslamın və müsəlmanların izzət və başucalığının gündən-günə artmasını, əziz şəhidlərin, xüsusilə Fars vilayətinin ruhani və tələbə şəhidlərinin məqamlarının ucalmasını və sizin hər birinizə uğur və müvəffəqiyyət nəsib etməsini diləyirəm.
Allahın rəhmət və bərəkəti sizin üzərinizə olsun
Qum şəhəri – Ayətullah Məkarim Şirazi
16 sentyabr 2026-cı il.
Rəyiniz